07
Noy 2018
Font

ABŞ-da aralıq seçkilərdən sonra Rusiyanın bu ölkəylə münasibətləri daha da pisləşə bilməz, amma yaxşılaşma perspektivlərini də görmək çətindir. Bunu Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitry Peskov noyabrın 7-də deyib.

Birləşmiş Ştatlarda 6 noyabr seçkisinin nəticəsinə görə, Demokrat Partiyası Nümayəndələr Palatasında yerlərin çoxunu qazanıb. Prezident Donald Trump-ın Respublikaçı Partiyası isə Senatda çoxluğu qoruyub saxlaya bilib.

“Münasibəti daha da çətinləşdirmək çətin olar. Hər şey hazırda yetərincə çətindir”, – Peskov jurnalistlərin seçkinin nəticələrinə dair sualını belə cavablandırıb.

Demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ alandan sonra Rusiyaya sanksiyalar məsələsində mövqenin dəyişməyəcəyi gözlənir. Sanksiyalar Moskvanın Ukraynaya müdaxiləsi, digər hərəkətləri üzündən qoyulub.

Peskov münasibətlərin daha da pisləşəcəyini də gözləmir.