31
Avq 2017
Font

Almaniya hökuməti Türkiyə ilə Avropa İttifaqı arasında Gömrük Birliyi müqaviləsinin yenilənməsinə və genişləndirilməsinə veto qoyub.

InfoAZ-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, çərşənbə günü Berlində Avropa Komissiyasının sədri Jan Klod Yunkerlə görüşən Almaniya federal kansleri Angela Merkel bu qərarı rəsmi şəkildə ona bildirib.

Bundan bir gün öncə isə A. Merkel keçirdiyi mətbuat konfransında öz mövqelərini izah edib. O deyib ki, Almaniya hazırkı şəraitdə Türkiyə ilə Gömrük Birliyi müzakirələri aparılması üçün komissiyaya səlahiyyət verməyəcək.

Qeyd edək ki, 2016-cı ilin sonunda Avropa Komissiyası üzv ölkələrdən Türkiyə ilə 1996-cı ildə imzalanmış Gömrük Birliyi müqaviləsinin genişləndirilməsi üçün səlahiyyət istəyib. Müqavilənin genişləndirilməsi Türkiyədən idxal olunan sənaye və kənd təsərrüfatı məhsullarının gömrük rüsumundan azad edilməsini və bununla da ticarət həcminin artırılmasını nəzərdə tutur. Hazırkı müqavilə isə kənd təsərrüfatı və xidmət sahələrini əhatə etmir.

Xatırladaq ki, bir müddətdir Almaniya ilə Türkiyə arasında siyasi gərginlik hökm sürür. Ankara Berlini Türkiyədən qaçan və ölkə əleyhinə fəaliyyət göstərən terorrçulara və mühacirlərı sığınacaq verməkdə ittiham edir. Türkiyə isə öz növbəsində Almaniya vətəndaşı olan jurnalisti və hüquq müdafiəçisini həbs edib.