10
Okt 2018
Font

Azərbaycanın xarici siyasətində müsəlman ölkələrlə əlaqələr diqqət mərkəzindədir, bu, Bakının xarici siyasət prioritetlərindən biridir. Bu barədə dövlət başçısı İ.Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr olunmuş iclasında çıxış edərkən bildirib.

"Biz islam dünyası ilə birliyin və həmrəyliyin möhkəmləndirilməsi səylərimizi davam etdirəcəyik, bu, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən yüksək qiymətləndirilir", deyə o qeyd edib.

Əliyev Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın imzalanmasını xarici siyasətin digər bir mühüm nailiyyəti adlandırıb. "Hesab edirəm ki, bu, Azərbaycanın milli maraqlarının tam əksini tapdığı tarixi sənəddir", deyə o bildirib.

Avropa İttifaqı ilə əlaqələrin inkişafına yönəlmiş ciddi addım atılıb və "Tərəfdaşlıq prioritetləri" sənədi imzalanıb, burada bir çox əhəmiyyətli məsələlər, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması haqqında müddəalar əksini tapıb. Eyni zamanda NATO Sammitinin yekunları üzrə qəbul edilmiş bəyannamədə bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub.

"Bütün bu sənədlər Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması işində bizim mövqeyimizi daha da möhkəmləndirir", deyə o qeyd edib.

Münaqişə üzrə danışıqların hazırki mərhələsinə toxunan Əliyev Ermənistan tərəfin danışıqların formatını dəyişdirmək cəhdlərinin uğursuz olduğunu bildirib.

"Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb və heç vaxt olmayacaq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi konstruktivlik nümayiş etdirəcək və yaxın zamanda torpaqlarımız işğalçılardan azad ediləcək", deyə Əliyev bildirib.

Daha sonra o, ölkənin hərbi potensialının gücləndirilməsi tədbirlərindən bəhs edib.

"Biz bundan sonra da ən müasir hərbi texnika əldə edəcəyik. Ölkəmizə ən müasir silahlar gətirilir, onların bir hissəsi hərbi paradlarda nümayiş olunub, bir hissəsi isə yox. Bundan sonra biz yalnız ən müasir texnika və silahları almaq niyyətindəyik və bizə bu texnikanı satmaq istəyən ölkələrin sayı artır", deyə Əliyev bildirib.