10
Sent 2018
Font

Avqustun ortalarında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli MDB-nin Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının faydalarından bəhs etmişdi.

İctimaiyyət cənab Hüseynlinin fikirlərini "Azərbaycanın KTMT-yə üzv olma niyyətinin ilk addımı" kimi qiymətləndirdi.İctimai rəy Hüseynlinin sözlərinə böyük ölçüdə mənfi reaksiya göstərsə də təklif beyinlərdə sual işarəsi buraxmağa kifayət etdi.Çünki KTMT-nin 6 üzvündən biri olan Ermənistan uzun illərdən bəri Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayır. Digər tərəfdən,öz təhlükəsizliyi üçün Ermənistanın ən çox arxalandığı təşkilat KTMT və onun lokomotivi olan Rusiyadır.

KTMT-nin faydalarından danışan cənab Hüseynlinin oradakı "Ermənistan faktoru"nu hesaba qatıb-qatmadığı bilinmir (Azərbaycan cəmiyyətinin ona göstərdiyi reaksiya da əsasən bu faktordan irəli gəlmişdi). Ancaq Azərbaycan parlamentinin üzvünün öz fikirlərini ifadə edərkən gündəmə gətirmədiyi bu faktoru Ermənistan xatırlatmalı olub.

Mayda hakimiyyəti ələ keçirəndən bəri 3-cü dəfə Rusiyaya səfərə gedən baş nazir Nikol Paşinyan "Kommersant" qəzetinə verdiyi müsahibədə (10 may) KTMT məsələsinə ölkəsinin baxımından qəti şəkildə açıqlıq gətirib.

Qəzetin müxbiri Vladimir Solovyovun " KTMT-da "müşahidəçi ölkə" və "əməkdaş ölkə" statuslarının gətiriləcəyi danışılır.Azərbaycan bu statuslar üçün iddia etsə, Ermənistanın mövqeyi necə olacaq?"- sualına baş nazir Paşinyan bu sözlərlə cavab verib:"Yəqin hamıya məlumdur ki, Ermənistanın razılığı olmadan bu cür qərarlar qəbul edilə bilməz.İndi Ermənistanla Azərbaycanın arasında olan münasibəti hamınız bilirsiniz.Biz hər gün Ermənistanın ünvanına Azərbaycan tərəfindən təhdidlər eşidirik.Məncə, Ermənistanın bu məsələdəki açıq mövqeyi bundan irəli gəlir".

Baş nazir, KTMT-yə üzvlük məsələsinə nail olmaq üçün Azərbaycanın, "hər şeydən əvvəl,Ermənistanla münasibətlərini sahmana salması üzərində çalışmasının lüzumunu" vurğulayıb.

Nikol Paşinyana görə, Ermənistanın Rusiya ilə münasibətlərinin pisləşməsini gözləyən Azərbaycan bundan istifadə edərək "təxribatçı hərəkətlərə" başlamağa ümid edirmiş.O,Azərbaycanın bu siyasətinin nəticə vermədiyinə inandığını bildirib.

Ermənistan baş nazirinin müsahibəsində Azərbaycan üçün KTMT üzvlüyündən çox, Nikol Paşinyanın Dağlıq Qarabağı ayrı bir dövlət kimi təqdim etmə cəhdi narahatlıq doğura bilər.

"Onların öz hakimiyyəti, öz hökuməti, öz prezidenti var"- deyə Dağlıq Qarabağı müstəqil subyekt kimi müzakirələrin mərkəzinə yerləşdirməyə çalışan Nikol Paşinyanın bu sözləri KTMT-nı tərifləyən Azərbaycan millət vəkilinə cavab xarakteri daşıya bilərmi?

Başqa sözlə, KTMT-nı ağlından keçirən Bakının qarşısına "Dağlıq Qarabağın müstəqil subyekt kimi qəbul edilməsi" fakturası qoyula bilərmi? Üstəlik Nikol Paşinyan bu fikrini ATƏT Minsk qrupunun həmsədrləri olan ölkələrin birgə bəyanatına söykəyir.Onlar da deyibmişlər ki,Dağlıq Qarabağın son statusu "Dağlıq Qarabağ əhalisinin öz iradəsiylə həll edilməli imiş".

KTMT məsələsi 2 həftədən bəri gündəmdə yox ikən Nikol Paşinyanın "Kommersant"a müsahibəsi bu sualı yenidən aktuallaşdıra bilər: cənab Hüseynlinin KTMT-ni tərifləməsi Azərbaycan üçün faydalı oldu yoxsa....?
Turan Analitik Xidməti