11
Okt 2018
Font

Oktyabrın 9-da Xəzər rayonunun Buzovna qəsəbəsində küçə itləri uşaqları - Mələk İbrahimova və Rəmalə Hüseynlini dişləyib. Yerli bələdiyyədən bildiriblər ki, zibil qablarının yanında qida tullantıları qoyan böyüklər günahkardır. İtlər tullantıları yeyirlər və çoxalırlar.

Bu ilin avqustunda Bakı bulvarında sahibsiz it sürüsü insanlara hücum edib, turistlərin dalına düşüb. Xəsarət alan olmayıb.

2017-ci ilin oktyabrında beş it Bakıda Zərifə Əliyeva parkında gəzən ana ilə uşağa hücum edib. İt 7 yaşlı Səfiyə Mirzəyevanı yanağından dişləyib.

Sumqayıtda, Pirallahı adasında, Biləcəridə 274 saylı uşaq bağçasının yaxınlığında, Cavadxan küçəsində (Nəsimi rayonu) 29 saylı binanın qarşısında, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığındakı 245 saylı məktəbin yanında, 8-ci mikrorayonda Nizami Nərimanov küçəsi, 19 ünvanında, Hərbi Prokurorluğun yanında sahibsiz itlər çoxdur, bu barədə Bakı İH-nin sahibsiz heyvanlara qarşı mübarizə İdarəsinin telefonlarına düşə bilməyən vətəndaşlar bildirir. İnsanlar evdən çıxmağa qorxurlar, uşaqların həyətdə oynamasına icazə vermirlər.

İtlərin yoldan keçənlərə hücum etməsi narahatlıq doğurur, baxmayaraq ki, 2017-ci ildə bu idarənin sahə rəisi Ərəstun Əmiraslanov mətbuata bu dövlət təşkilatının uğurlu işindən, ayda 700-800 küçə heyvanını yoxlamasından danışmışdı. "İdarədə üç xüsusi avtomobil və 9 ovçu işləyir. Heyvanlar pnevmatik silah vasitəsilə hərəkətsizləşdirilir və trankvilizatorla saxlanma üçün nəzərdə tutulmuş əraziyə gətirilir, baytar tərəfindən müayinə edilir. Heyvanlar xəstə və insanlar üçün təhlükəlidirsə, məhv edilir, cəsədi isə yandırılır", deyə Əmiraslanov bildirib.

İdarə rəisi Mübariz Qurbanov isə vəd etmişdi ki, 2018-ci ilin mayından etibarən idarə yeni iş şəraitinə keçəcək. O, başqa rəqəmlər göstərmişdi: paytaxtda sahibsiz heyvanlarla 12 əməkdaş 4 avtomobillə mübarizə aparır (sputnik.az).

Bakı İH-də daha altı xüsusi təchiz edilmiş yük maşınının və altı ədəd pnevmatik silahın alqısı üzrə tender elan edilmişdi.

İdarə effektiv şəkildə işləyir və genişlənirsə, Bakı və Sumqayıt sakinlərindən niyə bu qədər çox şikayət daxil olur? Turan İA Sahibsiz Heyvanlara qarşı Mübarizə İdarəsinin telefon nömrəsinə müraciət edib və məlum olub ki, Bakı İH nəzdində bu təşkilat ləğv edilib. Sahibsiz heyvanların tutulması ilə heç kim məşğul olmur. Bakı İH-nin işçisi Turan-a bildirib ki, Balaxanı qəsəbəsi ərazisində Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin küçə itləri üçün sığınacağı yaradılır. İşləri paytaxt İcra Hakimiyyəti H.Əliyev Fondunun iştirakı ilə həyata keçirir. Yeni sığınacaq hazır olana qədər şəhər sakinlərini sahibsiz heyvanlardan qoruyan heç kim yoxdur.

Balaxanıda Azərbaycanın ən böyük zibil yığılması və utilizasiyası poliqonu var, buna görə bu qəsəbədə sahibsiz heyvanlar xüsusilə çoxdur.