03
Sent 2018
Font

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə əhaliyə xəbərdarlıq edib.

AQTA informasiya təminatı və innovativ hallar şöbəsinin məlumatına görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında Nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması müəyyən edilib.

"Bununla əlaqədar olaraq, həmin ölkədən iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdırlar. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiyanın qeyd olunan vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub", deyə məlumatda qeyd edilir.