30
Avq 2017
Font

Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri, Türk Dünyası Kardioloqlar Birliyinin vitse-prezidenti, əməkdar həkim Firdovsi İbrahimov yerıi KİV-lərdən birinə verdiyi müsahibədə Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı mövcud vəziyyətdən danışarkən bildirib ki, üç nəfər enerji içkilərindən ölümcül vəziyyətə düşüb.

Həkim narahatlıqla vurğulayıb ki, hazırda siqaretlə yanaşı, insan orqanizmi yeni bir bəla ilə qarşılaşıb. Bu da müxtəlif enerji içkiləridir. O, Milli Məclisdən, deputatlardan enerji içkilərini aksiz markaya keçirmələrini xahiş edib. Onun fikrincə, bu məhsulların istifadəsinin azaldılması üçün vergi artırılmalıdır: “Artıq ABŞ-dan enerji içkiləri ilə bağlı ölüm xəbərləri gəlməkdədir. Bizim enerji içkilərindən ölümcül hala düşən üç xəstəmiz olub. Onları çətinliklə həyata qaytara bildik. Ölümcül aritmiyalar olur. Gün ərzində birdən artıq enerji içkisi qəbul etdikdə problem yaranmağa başlayır. Enerji içkiləri çox asılılıq yaradır. Ona görə də həyəcan təbilinin çalınması çox vacibdir. Müxtəlif adlar altında istehsal olunan enerji içkilərinin zərərliliyi baxımından heç birində fərq yoxdur. Qadınlar üçün istehsal olunduğu deyilənlər də zərərlidir, hamısı satış üçün hesablanıb. Enerji içkilərindən zərər görən xəstələr arasında qadınlar da var. Alkoqollu içkilər, siqaretlər kimi enerji içkiləri ilə bağlı reklamlar da yığışdırılmalıdır. Bu içkilərin fantastik dərəcədə satışı mövcuddur. Bəzi insanlar hətta alkoqollu içkilərlə birlikdə içir. Bu məsələ ilə bağlı vəziyyət heç ürəkaçan deyil. Əgər bu şəkildə davam edərsə, gələcək aylarda ölümlərin olacağı qaçılmazdır”.