03
Noy 2018
Font

neft02.jpg

Azərbaycan 2018-ci ilin oktyabrından ABŞ-ın Tehrana neft- qaz sektoru ilə bağlı sanksiyaları ərəfəsində İran vasitəsilə qaz alışını dayandırıb. Bu barədə Turan agentliyinə məlumatlı mənbələrdən bəlli olub.

Xatırladaq ki, 2016-cı ilin oktyabrında Azərbaycan, İran və Türkmənistan Azərbaycanın İrandan svop (swap) əməliyyatı çərçivəsində Türkmənistan qazını alacağı barədə razılığa gəlmişdilər.

Bu müqavilənin sayəsində 2017-ci ildə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) İrandan 1 mlrd. 761 mln. kubmetr qaz idxal edib. 2018-ci ilin üç kvartalında isə 0,7 mlrd. kubmetr çox qaz idxal edib.

SOCAR 2017-ci il noyabrın 22-dən Rusiyanın "Qazprom " şirkətindən qaz alır və 2018-ci ildə 0,8 mlrd. kubmetr qaz alıb. 2017-ci ildə 0,349 mlrd. kubmetr qaz ala bilib. Rusiya tərəfi ilə bu müqavilə 2018-ci ilin dekabrında başa çatır.

SOCAR bu alışın səbəbini onunla izah edib ki, "üçüncü tərəfdən alınan qazdan əsasən ixrac (əsasən Gürcüstan) üçün istifadə edilir və Azərbaycan üçün əlavə gəliri təmin edir".

İdxal olunan qazın bir hissəsi Azərbaycanın qaz anbarlarına gedir.

İrana qarşı sanksiyalarla əlaqədar SOCAR qaz idxalının yarısını itirir və artıq Rusiyanın qazının alışının 2020-ci ilədək uzadılması təklifi ilə "Qazprom" müraciət edib.

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov "Röyter"ə bildirib ki, "əgər Rusiyadan qaz almaq kommersiya baxımından bizim üçün faydalı olarsa, biz alacağıq".

"Biz "Qazprom"a müqavilənin 2020-ci ilədək uzadılmasını təklif etdik. Satınalmaların həcmi kommersiya maraqları əsasında ildə 1 mlrd. kubmetrədək müəyyən ediləcək", -E.Nəsirov qeyd edib.

Bundan öncə bu həftə "Qazprom" İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev qeyd etmişdi ki, "Qazprom" və Azərbaycan arasında yaxşı işgüzar qarşılıqlı əlaqələr qurulub. RF-dən Azərbaycana qaz nəqli mövcud müqavilə çərçivəsində həyata keçirilir, gələcək əməkdaşlıq perspektivlərinə gəldikdə isə biz həmişə dialoqa açığıq", -A.Medvedev vurğulayıb.

İranın NICO şirkətinin "Şahdəniz" qaz layihəsində iştirakının (10%) onun həyata keçirilməsinə və həmin Xəzər yatağından qaz ixracına təsir etməyəcəyi ilə bağlı ABŞ-ın zəmanəti Azərbaycanın böyük nailiyyəti sayılır.

ABŞ Maliyyə Nazirliyinin 2018-ci il noyabrın 2-də ABŞ-ın federal reyestrində dərc olunan elektron bildirişdə deyildiyi kimi, "yenilənən (5 noyabr) antiiran məhdudiyyətləri Azərbaycandan Türkiyəyə və Avropaya təbii qaz nəqli üçün təbii qazın (yataqların) mənimsənilməsinə və boru kəmərlərinin inşası və istismarı layihələrinə aid sövdələşmələri həyata keçirən və ya yardım edən şəxslərə şamil edilmir.

Sənəddə həmçinin deyilir ki, Türkiyə və Avropa ölkələri kimi ölkələrin enerji təhlükəsizliyini və enerji müstəqilliyini təmin edən layihələri antiiran sanksiyalarından çıxarıb.

Qeyd edək ki, NICO Azərbaycanın boru kəmərləri layihələrinə daxil deyil və onun "Şahdəniz" layihəsindən karbohidrogenlərin ixracından əldə olunan gəlirləri isə Avropa bankında ayrı xüsusi hesaba göndərilir.

İran neft ilə əməliyyatlara gəlincə, SOCAR Ticarət Evi - SOCAR Trading zəif ticarət aparıb, belə ki, İran nefti üzrə ixrac istiqamətləri, həmçinin ödəniş forması (ABŞ dolları ilə olmadığından bir çoxuna sərf etmir) ilə bağlı məhdudiyyətlər var idi.

Qeyd edək ki, 10 ildir ki, Azərbaycandan İrana benzin satışı dondurulub.

Həmçinin Bakı bir neçə ildir ki, İrana qarşı əvvəlki beynəlxalq sanksiyalarla əlaqədar Tehrana dizel yanacağı satmayıb.

SOCAR-dakı mənbələr Turan-a bildiriblər, 2018-ci il martın 28-də Bakıda "Xəzər dənizində blokların birgə işlənməsi haqqında Azərbaycan Energetika Nazirliyi və İran Neft Nazirliyi arasında imzalanmış qarşılıqlı anlaşma haqqında memorandum"un həyata keçirilməsi ilə bağlı fasilə verilib.

Belə bloklara "Araz-Alov-Şərq" daxildir. Xatırladaq ki, 2001-ci ilin iyulunda İran hərbi katerlərin köməyi ilə "Araz-Alov-Şərq" blokunda işlərin qarşısını alıb.

25 illik müqaviləyə əsasən Azərbaycan 2001-ci ilin iyuluna qədər "Araz-Alov-Şərq" yataqlar qrupunu BP-nin rəhbərliyilə beynəlxalq konsorsium ilə birgə işləmək niyyətində idi.

Ancaq İranın aqressiv hərəkətlərindən sonra BP-nin rəhbərliyilə konsorsium bu layihədən imtina etdi.

ABŞ istisna edir

ABŞ daim İran tərəfdən müxtəlif təhdidlərin olduğunu bildirir, xüsusən də nüvə proqramı ilə əlaqədar. Tramp 2018-ci ildə qoyulan sanksiyaların əsas səbəbi kimi bunu göstərir.

Belə sanksiyaların birinci hissəsi yazda tətbiq olunub və avtomobil sənayesi və metallurgiya ilə bağlıdır.

5 noyabr bazar ertəsi ABŞ İranla neft- qaz əməkdaşlığı üzrə sanksiya tətbiq edəcək.

"Bloomberg" agentliyi bildirib ki, ABŞ Yaponiya, Hindistan və Cənubi Koreya da daxil olmaqla səkkiz ölkənin İrana qarşı sanksiyaların ikinci hissəsi qüvvəyə mindikdən sonra İran neftinin alışını davam etdirməsinə razılıq verib. Çin bu qrupa daxildir, ancaq onunla danışıqlar davam edir.

Amerikalı məmur bildirib ki, xammalın qiymət artmasına kömək etməmək üçün 8 ölkə sanksiyalardan azad edilib. Əvəzində səkkiz ölkə İrandan neft idxalını azaltmağı vəd edib.

Buna cavab olaraq Rusiyanın energetika naziri Aleksandr Novak noyabrın 2-də bildirib ki, "Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan birtərəfli qaydada tətbiq olunan sanksiyaları tanımır və bu üsulları mahiyyətcə qanunsuz hesab edir".

"Hesab edirik ki, tərəfdaşlarımız ilə, İran ilə əməkdaşlığın inkişafını davam etdirməyə imkan verəcək mexanizmlər axtarmalıyıq.

Rusiya və İran arasında əmtəə dövriyyəsinin artırılması üçün yaradılmış "mal müqabilində neft" mexanizmi Tehrana neft gəlirlərinin bir qismindən Rusiya mallarını ödəmək üçün istifadə etməyə imkan verir. İranla bizim tarixi ticarətimiz var. Bizim texnologiyalar və xidmətlər İrana lazımdır" , - Novak bildirib.

İranın digər yaxın ticarət tərəfdaşı Türkiyə də bildirib ki, İrandan enerji resurslarını qanuni əsaslarla alır və bu ölkə ilə əlaqələrini dondurmaq niyyətində deyil.

Qeyd edək ki, Türkiyə hər il İrandan 9,5 mlrd. kubmetr qaz alır (RF-dan sonra Türkiyəyə ikinci qaz tədarükçüsü, Azərbaycan isə üçüncüdür). İrandan Türkiyəyə qaz tədarükü 2026-cı ildə başa çatacaq müqavilə əsasında həyata keçirilir.

Türkiyə hesab edir ki, İranla iqtisadi əlaqələr Türkiyənin enerji təhlükəsizliyi mövzusuna birbaşa toxunur.

2017-ci ildə Azərbaycan Türkiyəyə qaz nəqlini 0,8% 6 mlrd. 300,1 mln. kubmetrə çatdırıb, 2018-ci ildə isə TANAP qaz kəmərinin istismara verilməsi ilə əlaqədar həcm 7 mlrd. kubmetrdən çox ola bilər.

Xatırladaq ki, oktyabrın birinci yarısında Qərb mətbuatında belə məlumat yayılıb ki, RF ABŞ sanksiyalarını pozaraq Xəzər vasitəsilə öz NEZ-i üçün İran neftini ala bilər. Həmin əməliyyatlara digər Xəzər ölkələrinin cəlb edilməsi də istisna deyil. Lakin Xəzəryanı dövlətlərin rəsmi qurunlarl bu məlumatı təkzib ediblər.

Noyabrın 2-də Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini, Fransa və Almaniyanın xarici işlər nazirləri Jan-İv Le Drian və Haiko Maas, həmçinin Britaniya XİN rəhbəri Jeremi Hant ABŞ-ın noyabrın 5-də İrana qarşı sanksiyaları bərpası etmək qərarından təəssüfləndiyini bildiriblər.

"Biz, birgə hərtərəfli tədbirlər planının tərəfləri olaraq, İranla effektiv maliyyə kanallarının qorunması və saxlanmasına, İranın neft və qaz ixracını davam etdirməsinə dair işə sadiq qalırıq" , - Avropa İttifaqı mətbuat xidmətinin yaydığı birgə bəyanatda deyilir.

ABŞ Prezident Administrasiyası 2015-ci ildə nüvə sövdələşmələri çərçivəsində İranın üzərindən qaldırılan bütün sanksiyaları bazar ertəsi bərpa edəcək. Dünya neft bazarı buna neft qiymətinin bir barelə görə $100-a yüksəlməsilə reaksiya verə bilər, belə ki, neft istehsal edən ölkələr ola bilsin ki, Səudiyyə Ərəbistanı və Rusiyanın səylərinə baxmayaraq, İranın neft ixracına qoyulan qadağa ilə əlaqədar itkini kompensasiya etmək iqtidarında olmasın.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycanın İrana qarşı ABŞ sanksiyalarına necə reaksiya verəcəyi ilə bağlı ASTNA-nın (Turan-ın analitika xidməti) sualını cavablandırarkən deyib:

"Təəssüf ki, dünyada neft sahəsinə və beynəlxalq neft siyasətinə təsir göstərən bir çox siyasi proseslər var. Yeni vəziyyətlər yaranır və biz bunlarla hesablaşması və müvafiq qərarlar qəbul etməli oluruq. İrana qarşı sanksiyalar qüvvəyə minərsə, bu, OPEK + formatında (Azərbaycan bu formata daxildir) neft istehsal edən ölkələr tərəfindən nəzərə alınacaq".

Qeyd edək ki, Azərbaycan OPEK+ çərçivəsində son aylar neft hasilatını artırır, 2019-cu ildə bu göstəricinin 2018-ci ilə nisbətən 2% çox olacağı - 38 mln. 496,4 min tonadək artacağı proqnozlaşdırılır.

2018-ci ildə qaz hasilatı 30 mlrd. 205 mln. kubmetr, 2019-cu ildə 36 mlrd. 909,2 mln. kubmetr səviyyəsində proqnozlaşdırılır.

2017-ci ildə Azərbaycanda neft hasilatı 38 mln. 756 min ton, qaz 28 mlrd. 362,6 mln. kubmetr təşkil edib.