24
Okt 2018
Font

bolton3.jpg

"Ölkənizə ilk səfərim zamanı Azərbaycan XİN başçısı və prezidenti ilə mühüm məsələlər üzrə ekstensiv danışıqlar apardım". ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton çərşənbə günü Bakıda jurnalistlərlə görüşünü bu sözlərlə açıb.

Danışıqların mövzusu regional problemlər, Qarabağ münaqişəsi, ABŞ-ın İranın terrorizmə dəstəyinin və nüvə silahı istehsalının qarşısını almaq səyləri olub.

Həmçinin, Cənub Qaz Dəhlizi kimi iqtisadi layihələrə toxunulub, deyə Bolton bildirib. O qeyd edib ki, Vaşinqton bu və digər məsələlər, o cümlədən terrora qarşı tədbirlərdə və narkotiklərin yayılmasına, traffikinqə və kütləvi qırğın silahının yayılmasına qarşı mübarizə üzrə fəal əməkdaşlığa ümid edir.

"Azadlıq" Radiosunun 2014-cü ildə bağlanan ofisinin taleyi məsələsini müzakirə edib-etmədiyi barədə suala cavabda Bolton deyib ki, İlham Əliyevlə görüşdə insan hüquqları mövzusunu qaldırıb. Konkret olaraq "Azadlıq" radiosu mövzusuna gəlincə, o, bu məsələni qaldırmayıb, prezident Trampın ABŞ-ın başqa ölkələrə mühazirə oxumaq niyyətində olmadığı haqqında sözlərini xatırladıb.

ABŞ hökumətinin İstanbulda öldürülmüş jurnalist Kaşıkçının taleyinə münasibəti haqqında suala cavabda Bolton deyib ki, ABŞ prezidenti və vitse-prezidenti bu mövzuda fikir bildirib və əlavə edəcək heç nə yoxdur.

Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyü barədə suala cavabda ABŞ prezidentinin müşaviri yeni sanksiyaların tətbiqinin nəticənin necə olacağından və Rusiyanın Londonda ata və qız Skripalların zəhərlənməsi cəhdi ilə əlaqədar artıq tətbiq edilmiş sanksiyalardan sonra Rusiyanın özünü necə aparacağından asılı olduğuna işarə edib.

Qarabağ münaqişəsinin nizamlanması üzrə hansısa təklif gətirib-gətirmədiyi barədə suala Bolton inkaredici cavab verib. Eyni zamanda o bildirib ki, regiona ABŞ-ın regiondakı siyasətini dəyişdirmək üçün gəlməyib. "Bu və ya digər məsələləri daha yaxşı anlamaq və tədqiq etmək niyyətindəyəm", deyən Bolton əlavə edib ki, İlham Əliyevlə görüşdə Qarabağ nizamlanmasını müzakirə edib.

"Başa düşürəm k ki, bu münaqişənin sülh yolu ilə həlli böyük beynəlxlaq əhəmiyyətə malik olacaq. Nizamlanma perspektivləri ilə bağlı baxışlarını bölüşdüyü üçün Azərbaycan prezidentinə minnətdaram. Sabah Yerevanda olacağam və bu mövzunu Ermənistan rəhbərliyi ilə müzakirə etməyə ümid edirəm. ATƏT-in Minsk Qrupunun üzvü olaraq ABŞ münaqişənin həllinin dinc yollarının axtarışı səylərini davam etdirəcək", deyə Bolton bildirib. Əliyevlə insan hüquqlarının və demokratiyanın pozulması məsələlərini müzakirə edib-etmədiyi barədə suala cavabda müşavir belə deyib: "Bu məsələlər ABŞ üçün böyük əhəmiyyət kəsb edir və prezident Əliyevlə çox səmərəli dialoq olub, hesab edirəm ki, Azərbaycan və ABŞ-ın əməkdaşlıq edə biləcəyini və bir-birindən nələrsə öyrənə biləcəyi çox sayda sahə var".