01
Noy 2018
Font

Oktyabrın 31-də Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəylinin Gürcüstanda keçiriləcək beynəlxalq konfrans üçün Azərbaycandan çıxışına icazə verilməyib.

O, Bakı hava limanındakı sərhəd buraxılış məntəqəsindən buraxılmayıb. Sərhədçilər jurnalistə bildiriblər ki, onun ölkədən çıxışına qadağa Baş Prokurluq tərəfindən qoyulub.

"Gəncədə baş verən məlum olaylardan sonra, iyulun 7-də bəzi saytların girişinə blok qoyuldu. Bəzi yazılara görə də fakt üzrə cinayət işi qaldırılmışdı. Həmin saytlardan biri də bastainfo.com idi", deyə Mustafa Hacıbəyli Turan agentliyinə bildirib.

O, cinayət işini və ölkədən çıxışına qoyuluş qadağanı qanunsuz hesab edir. Jurnalist qeyd edib ki, şahid qismində cəlb edilib və ona ölkədən çıxışının qadağan edildiyi barədə xəbərdarlıq edilməyib.

Hacıbəyli çıxışına qadağa qoyulmasından məhkəməyə şikayət etmək niyyətindədir. O, artıq məhkəməyə saytın bloklanması ilə bağlı şikayət verib. Amma birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib, apellyasiya məhkəməsi isə oktyabrın 31-də bu qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, bu günə qədər bir neçə jurnalistə və çox sayda vətəndaş cəmiyyəti fəalına uydurma səbəblərdən ölkəni tərk etmək qadağan edilib.