07
Sent 2018
Font

Milli Məclisin keçmiş deputatı Gültəkin Hacıbəyli öz adının AŞPA-nın sanksiya siyahısından çıxarıldığını bildirib.

Xatırladaq ki, iyunda AŞPA müstəqil istintaq orqanı etik normaları pozan, öz hərəkətləri ilə bağlı açıqlama verməkdən imtina edən, Avropa Şurasının binasına girişdən və tədbirlərdə iştirakdan ömürlük məhrum edilən 29 nəfər indiki və keçmiş AŞPA üzvünün siyahısını dərc etmişdi.

Onların arasında Milli Məclisin iki üzvü Elxan Süleymanov və Müslüm Məmmədov, həmçinin parlamentin keçmiş deputatı Gültəkin Hacıbəyli də vardı.

O, istintaq orqanına ifadə verməkdən imtina etdiyinə görə siyahıya daxil edilmişdi. Ancaq əslində AŞPA-da Azərbaycan nümayəndə heyətin rəhbərliyi ifadə vermək üçün çağırış faktını G.Hacıbəylidən gizlədib.

Sentyabrın 3-də Parisdə Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Məsələlər Komitəsinin iclasında G.Hacıbəylinin adının sanksiya siyahısından çıxarılması barədə qərar qəbul edilib.

"Bununla da Azərbaycan hökumətinin mənə qarşı təxribatı fiaskoya uğradı", - keçmiş deputat qeyd edib.

G.Hacıbəylinin sözlərinə görə, Komitə nəzərə alıb ki, araşdırma 2012-2015-ci illəri əhatə edib. Onun isə 2010-cu ildən sonra assambleya ilə heç bir əlaqəsi olmayıb.

2000-2010-cu illərdə Milli Məclisin üzvü olan G.Hacıbəyli AŞPA-da milli nümayəndə heyətinin üzvü olub. Eyni zamanda hökumətyönlü mövqe tutub. Lakin sonradan hakimiyyəti tənqid etməyə başlayıb və Demokratik Qüvvələrin Milli Şurasına qoşulub. Bundan sonra hakimiyyət tərəfindən təzyiqlərə məruz qalıb.