04
Sent 2018
Font

Kreml Ermənistanın yeni hökumətinin hərəkətlərindən qıcıqlandığını nümayiş etdirməyə davam edir.

Növbəti dəfə bu əhval-ruhiyyəni RF XİN rəhbəri Sergey Lavrov Moskva Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri qarşısındakı çıxışında ifadə edib.

Ermənistanın keçmiş rəhbərlərinin təqib olunmasına Rusiyanın münasibəti ilə bağlı sualın cavabında o deyib: "Biz ölkənin daxili işlərinə müdaxilə kimi yozulacaq heç bir hərəkət etməmişik, heç bir bəyanat verməmişik. Deyə bilmərəm ki, digər xarici oyunçular da belə hərəkət ediblər".

O, söhbətin hansı "xarici oyunçular"dan getdiyini dəqiqləşdirməyib və əlavə edib: "Ermənistanda çoxillik tarixi olan hadisələrin araşdırılması Rusiyanı narahat edir". Ancaq o, bunun Ermənistanın daxili işi olduğunu etiraf edib.

S.Lavrov ümidvar olduğunu bildirib ki, Ermənistan diqqətini "yaradıcı vəzifələrə" yönəldəcək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısındakı öhdəliklərinə əməl edəcək. Həmçinin o deyib ki, prezident Vladimir Putin yaxın vaxtlarda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.