04
Sent 2018
Font

"Türkiyə Naxçıvanda hərbi baza qurmağa hazırlaşırmı?"-sualını cavablandırarkən Türkiyə silahlı qüvvələr baş qərargahı kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekin deyib.

Turan-ın daha əvvəl verdiyi məlumata görə,"Sözcü" qəzetinin beynəlxalq məsələlər üzrə şərhçisi Zeynəb Gürcanlı qəzetin 3 sentyabr tarixli nömrəsindəki yazısında Türkiyənin Naxçıvanda hərbi baza qurmağa hazırlaşdığına dair Ankarada iddialar dolaşdığını gündəmə gətirib.Turan agentliyi bu iddianı hərbi kəşfiyyatçı, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekindən soruşub.General-polkovnik Pekin deyib ki,Türkiyənin Naxçıvanda hərbi baza qurmasını lüzumlu qılan hər hansı səbəb yoxdur.

"Orada Azərbaycan silahlı qüvvələrinin korpusu var,Türkiyə o korpusa lazımi dəstəyi verir,orada hərbi müşavirlərimiz var, Naxçıvandakı sərhəd qoşunları və Xüsusi təyinatlı qüvvələr ilə Türkiyənin yaxın əməkdaşlığı var.Azərbaycandan Naxçıvandakı hərbi qüvvələrə yanacaq göndərmək mümkün olmayanda Türkiyə, bəzən də İran ordakı hərbi qüvvələri yanacaqla təmin edir"- deyə sözlərinə davam edən general-polkovnik İsmayıl Haqqı Pekin, Türkiyənin Naxçıvanda hərbi baza qurmasının İran tərəfindən də şübhəli qarşılana biləcəyinə diqqəti cəlb edib.

"Naxçıvanın bir tərəfi Ermənistan, o biri tərəfi İrandır.Türkiyənin Naxçıvandakı hərbi qüvvələrə verdiyi dəstəyin Ermənistanı narahat etməsi heç bir şey ifadə etmir, çünki Ermənistan kiçik ölkədir,İran isə bundan şübhələnəcək ki,qonşuluğuna NATO hərbi bazası gəldi.Naxçıvanda baza qurmağımızın heç bir mənası yoxdur,onsuz da Türkiyə oraya lazım olan dəstəyi verir.Doğubəyazitdə, Karsda hərbi hissələrimiz, Ərzurumda korpusumuz var, oradan Naxçıvana çox yaxın olduğuna görə,yeni hərbi baza qurmağa nə ehtiyac var? İndi bizim Şimali Kipr Türk Cümhuriyyətində dəniz bazası qurmağımızdan söhbət gedir. Diqqəti oraya yönəltməliyik", Türkiyə hərbi kəşfiyyatının keçmiş rəisi "Turan"a açıqlamasını bu sözlərlə bitirib.

Qeyd edək ki, general-polkovnik İsmayıl Haqqı Pekin FETÖ-nün Türk ordusuna qarşı həyata keçirdiyi "Balyoz əməliyyatı" 2011-2014-cü illər arasında həbsdə qalıb. Pekin və Türk orsudunun 200-dən artıq zabiti daha sonra yenidən keçirilən məhkəmədə bəraət alıblar.