11
Sent 2017
Font

“İstintaqda mənə açıq şəkildə dedilər ki, sifarişlə tutulmusan. Məndən qisas alırlar. Özümü tutdular, 7 il həbs verdilər, bununla da kifayətlənmədilər. Ailəmi təhdid etdilər, maşınımı yandırdılar. Mən bunlara nə pislik eləmişəm ki, bu qədər kinlidilər?”, – “jam.az” saytı-nın baş redaktoru Fikrət İbişbəyli (Fərəməzoğlu) bunları məhkəməsində deyib.

Sentyabrın 11-də Bakı Apellyasiya Məhkəməsində Fikrət Fərəməzoğlunun haqqındakı hökmdən şikayətə baxılıb.

“UTANCVERİCİDİR”

Məhkəmədə jurnalist özü çıxış edərək deyib ki, onu polisin qanunsuz əməllərindən yazdığına görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əli ilə cəzalandırıblar. Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında çıxarılmış hökmün qanuni əsası olmadığını deyən F.Fərəməzoğlu söyləyib ki, heç kimdən nə pul alıb, nə də tələb edib:

“Belə bir hökmü Azərbaycan Respublikasının adından çıxarmaq utancvericidir. Mənə qarşı istifadə olunan adamlar zərərçəkmişlər deyil, zərərvericilərdir. “Bandotdel” əməkdaşları getdiyim yerdə məni tutub, əllərimi qandallayıb maşına oturdublar, orada da 3 min manatı cibimə qoyublar. Sonra da o pulu çıxarıb yazıblar ki, guya onu Mehman Həsənovdan almışam”.

İstintaqda və birinci instansiya məhkəməsində normal araşdırma aparılmadığını, işdə adları çəkilən şəxslərlə üzləşmə keçirilmədiyini deyən F.Fərəməzoğlu çıxışının sonunda hakimdən belə bir xahiş edib:

“Mən 15 aydır həbsdəyəm. Birinci instansiya məhkəməsində prosesi 7 ay mənasız yerə yubatdılar. Siz də bilirsiz ki, bu nə işdi. Onsuz da hökmü qüvvədə saxlayacaqsız. Ona görə xahiş edirəm, elə bir iclasa yekunlaşdırıb qərarı elan edin, mən də gedib-gəlməyim”.

Jurnalistin vəkili Elçin Sadıqov işdəki ziddiyyətlərdən danışıb.

Zığ yolundakı “Antalya” adlı restoranı işlətdiyini deyən zərərçəkmiş Mehman Həsənov isə Fikrət Fərəməzoğlunun həmin obyekt haqda rüsvayedici məlumatlar yaydığını, həbsindən bir müddət öncə ondan 1000 manat pul aldığını deyib.

Masaj salonu işlətdiyini deyən başqa bir zərərçəkmiş isə istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələri təsdiqlədiyini, F.Fərəməzoğlunun ondan ümumilikdə 4 min 500 manat pul aldığını iddia edib.

Məhkəmə sentyabrın 18-də davam edəcək.

Newer news items: