25
Avq 2018
Font

2018-2025-ci illərdə prioritet hesab edilən layihələr üzrə dövlətin həyata keçirəcəyi yeni birbaşa xarici dövlət borcalmalarının 2,075 mlrd. ABŞ dolları olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada qeyd edilib.

Bu məbləğə islahat üçün Asiya İnkişaf Bankından (ADB) 500 mln. dollar, “Azərbaycan Dəmir Yolları” QSC-nin sağlamlaşdırılması və Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyindən 325 mln. dollar, xarici valyuta nominallı dövlət qiymətli kağızlarının yenidən maliyyələşdirilməsinə 1,250 mlrd. dollar kredit cəlbi daxildir.

Sənəddə bildirilib ki, son illərdə dünya bazarlarında neftin qiymətində yaranan qeyri-sabitlik və bu səbəbdən icmal büdcə gəlirlərinin azalması xarici valyutada əlavə borc öhdəliklərinin yaradılmasına xüsusi diqqətlə yanaşmanı zəruri edir. Buna görə də 2018-ci ildə və növbəti illərdə yalnız bir sıra prioritet hesab edilən layihələr üzrə birbaşa və dövlət zəmanəti əsasında kredit vəsaitinin cəlb edilməsi nəzərdə tutulur.

2018-2025-ci illərdə prioritet hesab edilən layihələr üzrə dövlətin zəmanət verəcəyi xarici dövlət borcalmaları məbləği isə 2 734,8 mlrd. dollar proqnozlaşdırılır.

Bura “Cənub Qaz Dəhlizi” QSC-nin Cənub Qaz Dəhlizi layihəsi üçün cəlb etməyi planlaşdırdığı 2,250 mlrd. dollar məbləğində kreditə, “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin “Stadler” şirkətindən 30 ədəd sərnişin vaqonunun alınması üçün cəlb edəcəyi 134,8 mln. İsveçrə frankı məbləğə, “Azərikimya” İB-nin rekonstruksiya işlərinin aparılmasına 350 mln. dollar məbləğində kredit cəlbinə dövlət zəmanəti daxildir.