27
Avq 2018
Font

Azərbaycanın ən çox ad qazanmış şahmatçısı Şəhriyar Məmmədyarov sponsor olmamasından şikayətlənib. O, öz facebook səhifəsində yazıb ki, beynəlxalq turnirlərə gediş xərclərini özü çəkir və onlarda pul qazanmaq üçün iştirak edir.

"Yorğunluqdan indicə oyandım, Sent-Luisdə yerli vaxtla saat 1:47-dir. Bu gün Karlsenlə çətin partiyam olub, beş saatdan çox davam edib. Debütdə mənim üstünlüyüm çox idi və rəqib beş saat ərzində udmağa çalışıb. Və indi başa düşdüm ki, artıq 40-45 gün ərzində turnirlərdə ardıcıl oynamayacağam. Daha az oynamaq lazımdır ki, güc olsun. Bu qədər ard-arda oynamaq sadəcə olaraq biabırçılıqdır.

Bu gün jurnalist məndən soruşdu ki, məni bu qədər çox oynamağa məcbur edən nədir. Cavab verməyə utandım ki, pul. Deyə bilmədim ki, mənim kimi peşəkar bir şahmatçının sponsoru yoxdur, bütün turnirlərə öz hesabıma gedirəm. Sent-Luisdə oynayan bütün rəqiblərimin sponsoru var.

Amma növbəti partiyaya hazırlaşmaq lazımdır. Çox təəssüf ki, şahmat artıq məni bezdirib. Yorulmuşam! Sabah yenə oynamalıyam. Bəzən düşünürəm: Azərbaycanda məndən güclü neçə idmançı var ki, mənə bir sponsor belə tapılmadı?", deyə şahmatçı yazıb.

Sent-Luisdəki turnirdə Məmmədyarov son turdan əvvəl 2-4-cü yerləri bölüşür və qələbə şansını qoruyub saxlayır.

33 yaşlı Məmmədyarov FİDE reytinqində dünyada ikinci yeri tutur.

Məmmədyarov gənclər arasında yeganə ikiqatlı dünya çempionudur. Bundan başqa, o, bir sıra nüfuzlu beynəlxalq turnirlərin qalibi olub.

Azərbaycan Şahmat Federasiyasının nümayəndələri yerli KİV-lərdə bildiriblər ki, Məmmədyarov heç vaxt öz hesabına turnirlərə getmir və "şəxsi sponsoru" olmasa da, onun əsas sponsoru "dövlətdir".

Azərbaycan Milli Şahmat Federasiyasına Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov rəhbərlik edir.