11
Okt 2018
Font

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin həbsdə olan keçmiş sədri Cahangir Hacıyevə qarşı yeni cinayət işi yekunlaşıb. Bu barədə Turan agentliyinə onun vəkili Aqil Layıc bildirib.

Hazırda iş materialları ilə tanışlıq prosesi getdiyini deyən vəkil istintaq sirrinə istinad edərək, Hacıyevin yeni iş üzrə hansı maddələrlə və hansı epizodlarda ittiham olunduğunu dəqiqləşdirməyib. Bununla belə, o, Hacıyevin ittihamları təkzib etdiyini qeyd edib. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxslər və vəkillər istintaq materialları ilə tanış olduqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Bir müddət əvvəl məhbusun bacısı Əminə Hacıyeva yeni iş üzrə qardaşının ABB-nin Moskva filialı ərəfindən vergilərdən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur. O bildirib ki, bu ittihamların qardaşı ilə heç bir əlaqəsi yoxdur, belə ki, ABB-Moskvanın öz rəhbərliyi olub.

Qeyri-rəsmi məlumatlara görə, yeni işin daha 25 fiqurantı var. Baş Prokurorluğun mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb.

ABB ASC-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev 2016-cı il oktyabrın 14-də 15 il müddətinə azadlıqdan məhrum edilib. Daha üç nəfər real cəza alıb, dörd nəfər şərti cəzaya məhkum edilib.

Məhkəmə təqsirləndirilən şəxsləri Azərbaycan CM-in 179.3.1, 179.3.2 (mütəşəkkil qrup tərəfindən böyük ölçüdə mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının qanunsuz olaraq əldə edilməsi, ötürülməsi, satışı, saxlanması, daşınması və ya gəzdirilməsi) maddələri ilə təqsirli bilib.

C.Hacıyev təqsirini etiraf etməyib, onun vəkilləri isə məhkəməni qeyri-obyektiv adlandırıb.