10
Okt 2018
Font

Gürcüstanda mühacirətdə olan hüquq müdafiəçiləri Avtandil Məmmədov və Elçin Namazov bu ölkədə "Hüquq və Azadlıqların Müdafiə İnstitutu"(HAMİ) adlı hüquq- müdafiə təşkilatı yaradıblar. Təşkilat Gürcüstanda dövlət qeydiyyatına alınıb, Tbilisi şəhərində fəaliyyət göstərir. Bu barədə HAMİ məlumat yayıb.

Təşkilat hüquqi yardım göstərməyi, ictimai dəstəyin təşkilini, beynəlxalq təşkilatları məlumatlandırmağı, mühacirlərə mümkün formalarda yardım göstərməyi nəzərdə tutur.

Məlumatda deyilir ki, qurumun təsis edilməsi Azərbaycanda hüquq-müdafiə təşkilatlarının iflic vəziyyətə salınması zərurətindən irəli gəlib.

"Azərbaycan hakimiyyətinin basqıları səbəbindən ölkəmizdə əksər qeyri-hökumət təşkilatları fəaliyyətini dayandırıb. Bəziləri isə hakimiyyətin ciddi təsiri altında fəaliyyət göstərir. Rejim insan haqlarının mütəmadi pozuntusuna qarşı dirəniş göstərən hüquq müdafiəçilərini sıxışdırmaqla Azərbaycanda arzuolunmaz vəziyyət yaradıb. Nəticədə insan hüquq və azadlıqlarının qorunması sahəsində ciddi boşluq mövcuddur. Həmçinin hakimiyyətin təqib və təzyiqlərindən yaxa qurtarmaq üçün ölkəni tərk edən xeyli vətəndaşımız var ki, qonşu Gürcüstana sığınıb. Lakin Gürcüstan hökuməti Azərbaycanla sıx biznes əlaqələrində olduğu üçün eyni zamanda vacib iqtisadi müqavilələrin həyati əhəmiyyətini göz önünə alaraq, azərbaycanlı mühacirləri adətən burada diqqətdən kənar, risk altında saxlayır. Qeyd olunan neqativ halların mümkün qədər aradan qaldırılması üçün səylərimizi birləşdirməyi və təşkilat formasında fəaliyyət göstərməyi zəruri hesab edirik", - xəbərdə qeyd olunur.