04
Sent 2018
Font

2017-ci ildə 1 kubmetr su-kanalizasiya xidmətlərinə görə maya dəyəri satış qiymətilə müqayisədə 2 dəfə çox olub. Bu barədə "Azərsu" ASC-nin 2017-ci ilə görə maliyyə hesabatında deyilir.

Hesabatda deyilir ki, 1 kubmetr su-kanalizasiya xidmətlinin maya dəyəri 1,17 manat təşkil edib.

"Maliyyə ilində əməliyyat zərəri olub, pul vəsaitlərinin dövriyyəsində kəsir olub. Buna səbəb Tarif Şurasının müəyyən etdiyi tariflərdir ki, bunlar da maya dəyərindən aşağıdır", - "Azərsu"nun hesabatında deyilir.

Məlumatda qeyd olunur ki, maya dəyəri 1,41 manat, satışa görə orta qiymət 0,74 olub.

İqtisadçı Natiq Cəfərli Facebook səhifəsində yazıb ki, "Azərsu" suyu maya dəyərindən 2 dəfə az satdığını bəyan edir, ancaq maya dəyərinin özü necə hesablanır onu açıqlamır.

"Xətləri nüdcə vəsaitinin hesabına çəkirlər, dövlət büdcəsindən dotasiya və vergi güzəşti alırlar (bəzən vergi borcları ləğv olunur", suyun özü isə Kürdən gəlir, Qəbələ-Oğuz-Bakı xətti ilə su özü axır. Hansı səbəbdən "Azərsu" zərərlə işləməlidir?".

İqtisadçı qeyd edib ki, "Azərsu"da üç beynəlxalq layihə üzrə çalışıb və gördükləri ona belə deməyə əsas verir ki, zərərə səbəb düzgün olmayan menecmentdir.

"Şirkətdə 10 mindən çox adam çalışır. Əslində 2 min nəfər çalışır, qalanları isə şirkət rəhbərlərinin qohumlarıdır və boş yerə pul alırlar. "Sədərək" yarmarkasında bir metri 80 qəpiyə satılan şlanq "Azərsu"da 7 manata sənədləşdirilir. İl ərzində təmir-tikinti işlərində mənimsəmələrin həcmi Rusiyanın 300 il ərzində Qızıl Ordaya ödədiyi xəracı ötür. Belə olan şəraitdə suyun maya dəyərinin mətləbə dəxli yoxdur",- N.Cəfərli hesab edir.